Bir romanın yaranması
İnsanlar elə bilir ki, bəs, yazıçılıq asan sənətdir. Illah da ki, mənim qohumlarım! Peşmansan deyəsən ki, bəs, “mən yazıçıyam.” Həmən dəqiqə üzlərində çoxbilmiş ifadə ilə başlarını bulayıb deyirlər ki, “Hə, əşi, yazıçılığa nə var. Otur kağız-qələmin dalında, ağlına gələni yaz! Amma mənim yazıq oğlum səhərdən axşama kimi günün altında işləyir!” Elə bil, bunun yazıqca oğlunu mən işlədirəm! Ay camaat, ay millət siz elə bilirsiniz ki, yazmaq asan işdir? Ay-hay! Gəlin sizə bir əhvalat danışım:
Deməli, keçən ilin yay ayları idi. Yuxarıdan, yəni hər kitab çapımın pulunu ödəyən yerdən əmir gəldi ki, yeni roman yazım. Elə bil, roman yazmaq tort bişirməkdi! Qoyursan 6 yumurta, 1 stəkan şəkər tozunu stolun üstünə iki saata hazır olur! Hardadır?! Yayın cırhacırında ilham pəriləri əvəzinə ağcaqanadlar olur ancaq. Yenə də təmbəllik eləmədim. Evin bir otağını özəlləşdirdim, pencərələri bağladım, qapıları kilidlədim, evdəkilərə “sakit!” komandası verdim, hə, indi tək işim stolun dalında oturub yazmaq idi. Aha, bəs nə ilə yazmaq?! Bir yerdə oxumuşdum ki, qədim dövrlərin şairləri qaranlıq otaqda şam işığında sarı vərəqə yazırlarmış və stolların üstündən şərab əksik olmurmuş. Düzdü, mən şair deyiləm, amma, əşi, nə fərqi var ki? 1 saat keçməmiş hamısını düzdüm stolun üstünə. Bircə həyətdəki qırmızı xoruzdan lələk qoparmağa cəsarətim çatmadı. Onsuz da keçinmək olardı. Beləcə, başladım təbimin gəlməsini gözləməyə. Gözlə ha gözlə, gəlmədi ki, gəlmədi. Birdən ağlıma batdı ki, bəs bu şərabı niyə stolun üstünə qoyurlar? Hə…
Sonrası haqqında yazmağa belə dəyməz. Bircə onu deyə bilərəm ki, bu şairlər hansı ağılla yanğınsöndürənlərin olmadığı dövrdə şərab, kağız və yanan şamı eyni stolun üstünə düzüblər? Ciddi sözümdü, bu sual tək məni yox, anamı, atamı və rayonumuzun yanğınsöndürmə idarəsini bərk maraqlandırır.
Bu uğursuzluqdan sonra başa düşdüm ki, məndən şair çıxmazmış. Odur ki, 20-ci əsr yazıçılarının yolu ilə getməyə qərar verdim. Yazı makinası şam kimi hər tin başı satılan bir şey olmadığından bu dəfə hazırlaşmaq bir həftə çəkdi. Hələ bir bu uzaq qohumun babasından qalan maşını yağlayıb, mürəkkəbini dəyişmək də lazım gəldi. Hər şey qurtarandan sonra, yenə keçdim otağıma, makinanı çəkdim qabağıma, vərəqi yerləşdirdim və başladım ayın tarixini yazmağa. Ay barmaqlarım qırılaydı yazmaz olaydım! Çünki, barmaqlarım qırılsaydı daha az əziyyət çəkərdim… Başım çıxmadı, mənim makinəm köhnədir deyə çətinlik çəkdim, ya da həqiqətən də o dövrün yazıçılarından əla güləşçi çıxardı, nədi.
Beləcə, əzələ ağrısı üçün iki əlim boynumdan asılı gəzəndən və o lənətə gəlmiş klavişin basılması üçün təpik atdığım ayağımdakı əziyin sağalması üçün 1 həftə gözləyəndən sonra, makinanı “oxxay!” deyə-deyə balta ilə parçaladım. Axır başa düşdüm ki, bəs, bu qədimi şeylər mənlik deyil. Mən gərək 21-ci əsrin yazıçısı kimi yazam! Qoydum qabağıma notbuku, söndürdüm işıqları, düşdüm klaviaturanın canına! Elə təzəcə işıqlı ekrana gözlərimi dikmişdim ki, bilmirəm hardan bir kəpənək uçub gəldi. Mən şairlər kimi incə ruhlu biri deyiləm, amma heyvanlara pis davranmağı ürəyim götürmür. Odur ki, əlimi yüngülcə yelləyib uzaqlaşdırmağa çalışdım. Getdi də. Amma 5 saniyə sonra qayıdıb, özünü ekrana elə çırpdı ki, bəs deyərdin ekran 25 ildi ayrı qaldığı oğlu imiş. Indi gəl ayır, ayıra bilirsənsə! Gah üflədim, gah əlimi yellədim, gah ekranı sildim, o lənətə gəlmiş kəpənək “ayrıldıq”ı dərk etməyən köhnə sevgili kimi yapışdı qaldı. Əslində, elə ekranın bir küncündə yapışıb qalsaydı fikir verməzdim amma, gah uçub, gah qonması əsəblərimlə oynadı. Bir biabırçılığa baxın! Bəlkə də mənə 5 il sonra nobel mükafatı qazandıracaq əsər yazmağa çalışıram və bütün günü işi ora-bura uçmaq olan kəpənək mane olur! Səbrim daşsa da kəpənəyi öldürmədim. Düzünü desəm, öldürə bilmədim! Mən ha illah elədikcə, o ekranda və əlimdə sarı-qızılı toz qoyub uçurdu. Hələ bir iş o yerə çatdı ki, az qala bir günlük kəpənəyə 700 manatlıq notbuku qurban verəcəkdim! Axırda lap bezdimş ayağa qalxıb otağın işığını yandırdım. Hə, indi bu kəpənəkdən canımı qurtarmışdım. Ekrandan əl çəkib böyük lampaya tərəf uçmuşdu. Di gəl, fikrim onda qalmışdı. Bayaqdan ekranıma pinpon topu kimi çırpılan kəpənək indi də lampa ilə qucaqlaşmaq niyyətində idi. Ürək-göbəyimi yeyə-yeyə kəpənəyin lampayla qaçdı-tutdu oynamasını izləyirdim. Belə ki, heç yazmaq yadıma belə düşmürdü! Axır ki, gözlədiyim oldu: yazıq kəpənək lampanın ətrafında son dövrəsini vurub, onun şüşəsinə şığıdı. Qaynar lampaya qonması ilə səndələyib yerə düşməsi bir oldu. Yerimdən qalxıb lampanın altına gəldim. Hə, yəqin ki, ölmüşdü. Bir anlıq elə pis oldum ki, elə bil adını eşidib üzünü görmədiyim uzaq qohumumun ölüm xəbərini eşitmişəm. Tozlu qanadları pul-pul tökülən kəpənəyi ovcuma alıb pencərədən tulladım…
3 ay sonra romanımı təhvil verdim. Yamanca xoşlarına gəlmişdi. Hələ bir məndən təkidlə soruşurdular ki, bəs insanlara zərər vuran canavarın işıq tərəfindən qalib gəlinməsi fikri haradan ağlıma gəlib…

Congratulations @evariste! You have completed some achievement on Steemit and have been rewarded with new badge(s) :
Click on any badge to view your own Board of Honor on SteemitBoard.
For more information about SteemitBoard, click here
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP