Steemit - Yeni Gələnlər üçün 0-dan Bələdçi!

in Steemit Azerbaijan☪✔4 years ago (edited)

Steemitə xoş gəlmisiniz!

Steemit - Blokçeyn texnologiyasına əsaslanan, mərkəziyyətsiz bir platformadır (yəni, decentralized app-dır). Bu platforma sayəsində müəyyən istifadəçi kütləsindən(misal, azərbaycanca bilən istifadəçilərdən) topluluqlar qurulur və bu topluluqlarda insanlar paylaşdıqları dəyərli məzmunlara, postlara görə mükafatlandırılır.

Bəs mükafatın qaynağı haradan gəlir? Mükafatın qaynağı istifadəçilərin biri-birinə verdiyi səslərdən, "layk"lardan gəlir. Deməli, belə nəticə çıxır ki, daha dəyərli məzmun paylaşan, platformaya və digər topluluq üzvlərinə daha çox dəyər qatan istifadəçilər daha çox səs alır və daha çox da qazanır.

Təsəvvür edin, etdiyiniz "layk"lara görə Facebook, və ya Instagram sizə pul ödəyir. Necə möhtəşəm olmazmı? :)

İlk öncə, orijinal yazını hazırladığı üçün və mənə ilham verdikləri üçün @steemitblog, @steemingcurators@cryptokannon'a çox böyük təşəkkür edirəm.

First of all, many thanks to @steemitblog, @steemingcurators and @cryptokannon for writing the original post and inspiring me.

Bu post sizin Steemit yolculuğunuzun yalnızca başlanğıc nöqtəsidir, şərhlərdə təkliflərinizi, şəxsi fikirlərinizi bölüşməkdən çəkinməyin, çünki bu bələdçilik postunu daim təkmilləşdirəcəyik.

Hazırsınızsa, getdik! :)

steemit beninner guide.png

Sizə Steemiti öyənmək yolunda bələdçilik edəcək olan bu post aşağıdakı mövzuları əhatə edir:

  1. Steemit'ə gələrkən etməli olduğunuz ilk şey
  2. Tipik bir Steemit postu ilə tanışlıq
  3. Sizə Steemitə qoşularkən verilən 5 ədəd şifrənin əhəmiyyəti
  4. Öz şəxsi profilinizi necə qurmaq
  5. Steemit platforması üzərində olan 4 fərqli "Tokenlə" tanışlıq: SBD, STEEM, Steem Power(SP) və Tron(TRX)
  6. Steem Power-inizi bir başqasına deleqasiya etmə, yəni həvalə etmə
  7. Necə STEEM qazanmaq
  8. Necə Post paylaşmaq
  9. Postunuza taq'ları necə yerləşdirmək
  10. Nə qədər post paylaşa bilərsiniz
  11. Necə daha çox Steem Power(SP) əldə etmək olar
  12. Qoşula biləcəyiniz önəmli topluluqlar
  13. Faydalı alətlər
  14. Discord serverləri

Steemit'ə gələrkən etməli olduğunuz ilk şey

Yeni bir Steemitçinin etməsi lazım olan ilk iş nədir? İlk şərhinizi mi yazmaq? Ən çox qazandıran yazıları oxuyub necə pul qazanmağın yolunu mu axtarmaq? Yoxsa profil şəklinizi yükləmək? Cavab: yuxarıdakıların heç biri. Etməli olduğunuz ilk şey sizə qeydiyyatdan keçdikdən sonra verilən Master Key və Owner Key adlanan şifrələrinizi bir vərəqə yazıb təhlükəsiz yerdə gizlətməkdir.

Sizin MasterOwner Key adlanan şifrələrinizi bilən istənilən bir şəxs rahatlıqla sizin Steemit hesabınıza daxil ola və balansınızda olan vəsaitləri öz balansına köçürə bilər. Ümumiyyətlə, biz məsləhət görürük ki, Steemit hesabınıza daxil olarkən heç vaxt bu iki şifrəni istifadə etməyəsiniz. Bu şifrələrin yerinə, Posting Key adlanan şifrəni istifadə edin. Bu şifrə sizə Steemit'i gündəlik olaraq istifadə etmək üçün, yəni istər post paylaşmaq üçün olsun, istərsə də digərlərinə səs vermək üçün olsun, tam yetərlidir.

Əgər Steem Wallet'inizlə əlaqədar, yəni Steem Pul Kisənizlə əlaqədar hər hansısa bir əməliyyat edəcəksinizsə, o zaman Active Key adlanan şifrənizi istifadə etməyinizi tövsiyyə edirik.

Bəs yaxşı bu Master Key və Owner Key adlanan şifrələri nə vaxt istifadə etməlisiniz? Bu şifrələri yalnızca hər hansısa bir şeyi bərpa etmək ehtiyacınız olanda istifadə edin. Bunu smartfonunuzda olan "fabrika ayarlarını bərpa edin" kimi də görə bilərsiniz, yəni Steemit hesabınızda köklü bir dəyişiklik edəcəksinizdə bu şifrələrə ehtiyacınız ola bilər. Əksi halda heç vaxt istifadə etməyin!

first thing on steemit.png
Link to photo

Tipik bir Steemit postu ilə tanışlıq

Tipik bir Steemit Postu aşağıda, şəkillərdəki kimidir və bu hissələrdən ibarətdir: 1. qapaq fotosu, 2. başlıq yazısı, 3. postu bəyənmə(upvote) və bəyənməmə(downvote) düymələri, 4. gələn səslər əsasında postun dollar olaraq dəyəri, 5. posta səs verənlərin sayı, 6. posta gələn rəylərin sayı və 7. postu sizin də paylaşmağınıza izin verən, resteem düyməsi.

steemit postunun bölmələri .png

Steemitə hesabınızla daxil olmusunzsa, yuxarıdakı şəkildə göstərilən qırmızı rəngli 3 ədədinin yanındakı yaşıl və qırmızı düymələrə basmaqla siz postu ya upvote edə, yəni bəyənə, ya da downvote edə, yəni bəyənməyə bilərsiniz. Məsləhət görürük ki, qırmızı düyməni-downvote düyməsini hər postda istifadə etməyəsiniz. Çalışın bu downvote düyməsini yalnızca NFSW, siyasi, irqçilik tipli kontentlərində istifadə edin. Daha hər gördüyünüz postu downvote etməyin. :)

Sizə Steemitə qoşularkən verilən 5 ədəd şifrənin əhəmiyyəti

Steemit platformasına qoşulduqdan sonra sizə yalnızca sizin hesaba aid olan 5 ədəd şifrə veriləcək. Bu şifrələrin hər biri müəyyən məqsədlər üçün istifadə olunur. Misal, biri post paylaşmaq üçün olduğu halda, digəri balansınızdan pul çəkərkən istifadə olunur. Başda Master Key və Owner Key adlanan şifrələr olmaqla, şifrənizi qəti sürətdə heç kimlə paylaşmayın və maksimum təhlükəsiz yerdə saxladığınıza əmin olun!

Şifrələr haqqında daha ətraflı məlumatları aşağıdakı ingiliscə qaynaqlardan da oxuya bilərsiniz:

How can I keep my steem account secure
Steem Basics: Understanding Private Keys
Steem Key Management
What are all these keys in my wallet? Why so many?

Növbəti postlarda şifrələr haqqında olan bu postların azərbaycanca tərcümə olunmuş versiyası #SteemitAzerbaijan topluluğunda paylaşılacaq.

Öz şəxsi profilinizi necə qurmaq

Siz profil şəklinizi, örtük fotonuzu və profil məlumatlarınızı aşağıdakı rəsmdə qırmızı rənglə işarələnən, profilinizin Settings-Ayarlar bölməsindən rahatlıqla tənzimləyə bilərsiniz. Daha dolğun və tam bir profilə sahib olmaq, şübhəsiz ki, sizin yazılarınızın daha çox reaksiya almasıyla nəticələnəcək. Misal, bir dəfə profil şəkli yerləşdirdiniz deyək və sonradan həmin şəkili dəyişmək istəsəniz, Update düyməsinə basaraq Active Key adlanan şifrənizi də istifadə etməklə yeni bir profil şəkli yerləşdirə bilərsiniz.

setting on steemit.png

Aşağıdakı ingiliscə qaynaqdan necə daha dolğun profil qura biləcəyinizlə bağlı ətraflı məlumat ala bilərsiniz:
How to setup a complete profile on your blog page

Yazının azərbaycancası #SteemitAzerbaijan topluluğunda paylaşılacaq.

Steemit platforması üzərində olan 3 fərqli "Tokenlə" tanışlıq: SBD, STEEM,Steem Power(SP) və Tron(TRX)

Steem Blokçeyni üzərində 4 fərqli "token" var: STEEM, SBD(Steem Dollar), SP(Steem Power) və Tron(TRX)

  • STEEM
  • STEEM steem blokçeyninin ən əsas kriptovalyutasıdır. Siz steemit.com üzərində post paylaşmaqla, rəy yazmaqla, hətta başqalarının postlarına səs verməklə bu valyutadan qazana bilərsiniz. Həmçinin siz istədiyiniz vaxt balansınıza STEEM ala, balansınızdan STEEM çəkə və hətta istər steemi.com üzərində, istərsə də birjalarda STEEM trade'i edə bilərsiniz.

  • Steem Power(SP)
  • Steemit platforması üzərində 1 STEEM = 1 STEEM POWER'ə bərabərdir. Daha çox SP'yə sahib olan şəxs, Steemit platforması üzərində daha çox təsirə malikdir. Belə ki, daha çox SP'niz olduqda, sizin daha böyük səs gücünüz olur. Daha böyük səs gücünüzün olmasının isə sizə iki avantajı var: 1. daha böyük Kurasiya Mükafatınız olur, 2. insanlar sizi dəstəkləməkdə daha çox maraqlı olur.

    Qeyd: Deyəlim ki, Steemit platformasında bir post paylaşdınız, postunuza 10 səs, və ya "layk" gəldi və postun dəyəri 10 dollara çıxdı. Həmin o 10 dolların hamısı sizin balansınıza birbaşa oturmur, postun sahibinə posta görə gəlir tam olaraq 1 həftə sonra verilir. Belə ki, 1 həftə sonra həmin o 10 dollarlıq postun yalnızca 50%-i, yəni 5 dolları net olaraq sizə qalır. Qalan o 50%, yəni 5 dollar var ha, o da sizin postunuza səs verən həmin o 10 nəfər arasında paylaşdırılır. Həmin o 10 nəfərdən də kimlərin daha çox SP-si varsa, o 5 dollardan onlara daha çox pay düşür. Bu gəlirə Kurasiya Mükafatı(Curation Rrewards), həmin o 10 nəfər səs verənlərə də Kuratorlar(Curators) deyilir.

    Misal, deyək ki, Kamranın balansınızda 1000 ədad SP var və buna görə də onun səs gücü 0.5 dollardır, lakin Rəvanın balansında 2000 SP var, səs gücü 1 dollardır. Belə olan halda, Rəvanın platformaya təsiri daha çox olacaq və daha çox dollar qazanacaq. Niyə bəs? Çünki Rəvanın aktivində daha çox SP-si var deyə, o kiminsə postuna səs verəndə və 1 həftə sonra həmin postun gəlirləri paylaşdırılanda, Rəvana daha çox Kurasiya Mükafatı düşəcək. İkinci bir tərəfdən, həmçinin Rəvanın Kamrandan daha çox səs gücü var deyə, insanlar Rəvanın postları ilə daha çox maraqlanacaq, rəy yazacaq ki, bəlkə, Rəvanın "radar"ına düşüb, ondan səs alsınlar.

  • Steem Dollar(SBD)
  • Steemit Platformasında gəlirinizin ən əsas mənbəyi postunuza görə sizə verilən Steem Dollar(SBD)'dir. Belə ki, siz post paylaşdıqdan 1 həftə sonra həmin postunuzun mükafatları siz və postunuza səs verənlər, kuratorlar arasında paylananda 3 tip gəlir əldə edirsiniz: 1. SBD gəliri, 2. SP gəliri, hansı ki yuxarıda qeyd olunduğu kimi, balansınızı gücləndirir, 3. TRX kriptovalyutası, hansı ki Steemit bir neçə ay öncə Tron platforması ilə əməkdaşlığa keçəndən bu yana bu gəlir tipi paylanır.

    Əslində, Steemit qurucuları SBD kriptovalyutasını yaradarkən, hədəfləmişdilər ki, bu valyutanın dəyəri 1 amerikan dolları(USD) olacaq. Lakin bazardakı tələb-təklifə uyğun dalğalanmalar SBD-nin dəyərini 0.10 USD-ya da düşürdü, 14 USD-ya da qaldırdı. SBD-nin dəyəri hazırda 8 USD-yə yaxındır, hansı ki bu da Steemit platformasında yazılar, postlar paylaşanlar üçün xeyli gəlir deməkdir. Gəlin sadə bir post üzərindən bunu sizə izah edək.

    Aşağıdakı rəsmdə gördüyünüz kimi post paylaşan şəxsə 13.99 dollarlıq səs gəlib. Bunu görər-görməz düşünməyin ki, postun müəllifi 13.99 amerikan dolları(USD) qazanıb. Həmin 13.99 dollar yazısının sağındakı üçbucaq iconun üzərinə basdıqda bizi bu postdan gələn gəlirlər bölməsi qarşılayır. Gördüyünüz kimi, gəlir qazananlar iki yerə bölünüb: 1. Author, yəni postun müəllifi, 2. Curators, yəni kuratorlar-bu posta səs verənlər.

    Deyəlim ki, postu siz paylaşmısınız və Author(müəllif) sizsiniz. Gördüyünüz kimi, müəllif gəlirlərinizin qarşısında 7.21$ və 3.97TRX yazılıb. Həmin o 7.21$ adi amerikan dolları-USD deyil, SBD dolları'dır. Tutalım ki də, hazırda SBD dollarının dəyəri 8 amerikan dollarıdır, belə olan halda, bu postdan sizə 8x7.21=57.68 amerikan dolları, yəni hardasa 98.05 manat gəlir qalır. Bir həftədən sonra bu postun mükafatları paylananda, bu 57.68 amerikan dolları gəlirin, 50%-i sizin balansınıza SP (dəyəri 1 amerikan dollarından təxminən 28 ədəd SP) olaraq gələcək və hesabınızı gücləndirəcək, 50%-i isə Steem Dollar (ümumi dəyəri 29 dollar olan, 29:8$=3.62 ədəd SBD) olaraq gələcək.

    Qeyd: postunuzu paylaşmamışdan əvvəl Steemit sizə iki seçim verir: ya postdan gələn bütün gəlirləri SP olaraq alıb hesabınızı gücləndirmək, ya da 50% SP, 50% də SBD dollar alaraq həm hesabınızı gücləndirmək, həm də SBD toplamaq. Aşağıda Steemitdə Post Paylaşmaq paraqrafında bu haqda ayrıca danışılır.

    Bundan əlavə, rəsmdə Author yazısının qarşısında gördüyünüz kimi, siz postunuzdan həm də 3.97 ədəd TRX da qazanmısınız. Deyəlim ki də, TRX'nin hazırkı bazar dəyəri də 0.40 amerikan dollarıdır, onda burdan da sizə 0.40x3.97=1.58 amerikan dolları, hardasa 2.69 manat da əlavə gəlir qalır.

    Ümumi topladıqda, təkcə bu postdan sizə: 58.68+1.58=60.26 amerikan dolları net gəlir qalıb. Bax indi tam aydın olur ki, SBD-nin dəyərinin 1 amerikan dollarından yüksək, 8 amerikan dolları olması Steemitdə yazı, məqalə, post paylaşanlara, hətta rəy yazıb, səs verənlərə niyə bu qədər sərf edir. Biri var, 7.21-i 1 USD-yə vurasan, biri də var, 8 USD-yə vurasan. Təbii ki, ikinci daha çox sərf edir. :)

    steemit post dəyəri.png

    Əlavə olaraq, gördüyünüz kimi, Author-dan başqa, Curator-lara da, demək olar, elə Author qədər gəlir qalır. Curators mövzusunu yuxarıda danışmışdıq, curators posta səs verənlərdir. Bu posta 606 nəfər səs verib, deməli, bu postdan curator-lara düşən 6.78$ ədəd SBD dollar və 3.74 ədəd Tron(TRX), həmin o 606 nəfər arasında da ayrıca bölünəcək. Kimlər bu posta daha böyük ölçüdə səs veribsə, onlar daha çox qazanacaq. Daha orasının bizə aidiyyatı yoxdur, platforma Curator-ların gəlirlərini özü avtomatik bölüşdürəcək, biz sadəcə Author olaraq net 60.26 amerikan dollarımızı alacağıq.

    Ümumiləşdirsək, siz hər dəfə steemit platformasında qarşısına 13.99$, 150$, 1000$ yazılan postlar görəndə həmin rəqəmi amerikan dolları-USD olaraq düşünməyin, SBD-nin hazırkı dəyərinə baxın və hesabınızı ona görə aparın.

  • Tron(TRX)
  • Tron, blokçeyn texnologiyasına əsaslanan mərkəziyyətsiz bir əməliyyat sistemidir və əməliyyat valyutası olaraq TRX adlanan kriptovalyuta bu əməlyyat sistemi üzərində işlədilir. 2020-ci ildə Steemit platforması ilə Tron platforması arasında əməkdaşlıq müvaviləsi imzalandı və Tron Steemit platformasına külli miqdarda yatırım etdi. Məhz həmin vaxtdan bu yana Steemitdə post paylaşan, rəy yazan yazarlara, səsə verən kuratorlara mükafat paylanarkən TRX adlanan kriptovalyuta da mükafat olaraq paylanır.

Steem Power-inizi bir başqasına deleqasiya etmə, yəni həvalə etmə

Sizin Steemit platforması üzərindəki ən dəyərli varlığınız sahib olduğunuz SP'lər-Steem Power'lərdir. Nə qədər çox SP-niz varsa, verdiyiniz səslərin dəyəri bir o qədər çox olur.

SP əldə etməyin 3 yolu var: birincisi, post paylaşmaqla, rəy yazmaqla və başqalarına səs verməklə, ikincisi, birbaşa alış yolu ilə, pulunuza minnət deyib və üçüncüsü, kiminsə sizə borc verməsi, deleqasiya etməsi yolu ilə.

Siz başqa insanlara borc SP verməklə onların hesablarına gücləndirə bilərsiniz, ki bu da deleqasiya(delegation) adlanır. Sizin öz SP-lərinizi başqalarına deleqasiya etməkdə müxtəlif məqsədləriniz ola bilər. Misalçün, deyək ki, sizin 1 milyon SP-niz var və istəyirsiniz ki, dostunuzun da hesabı böyüsün. Bu halda, siz ona 500 min SP göndərirsiniz və beləcə dostunuzun platformada gücü artır. Digər tərəfdən, ola bilər ki, siz 50 nəfər dostsunuz və hərənizin hesabında 1000 ədəd SP var. Qərara gəlirsiniz ki, hamınız həmin o 1000 SP-nizi bir hesab açıb ona deleqasiya edəsiniz. Belə olan halda, həmin o yeni açılmış hesabda 50 min SP toplanacaq, ki beləcə həmin hesabın səs gücü artacaq və 50 nəfərin hər birinin postlarına daha böyük səs dəyəri ilə səs verə biləcək.

Unutmayın ki, siz öz SP-lərinizi hansısa hesaba göndərərkən, deleqasiya edərkən həmin SP-lərə sahiblik hüququnuzu qoruyursunuz və istədiyiniz vaxt həmin SP-ləri geri ala bilərsiniz. Adətən SP-lərinizi geri alma prosesi 5 gün çəkir.

Aşağıda başqa birinə SP deleqasiya etmiş bir hesabın necə göründüyünü görə bilərsiniz. Gördüyünüz kimi, SP-nin deleqasiya olunması, borc verilməsi hesabda mənfi (-)2552.794STEEM şəklində təsvir olunub :

delegation.png
Link to photo

Deleqasiyanı necə etməklə bağlı daha ətraflı məlumatı aşağıdakı ingiliscə qaynaqdan ala bilərsiniz:

How to Delegate your steem power?

Həmçinin yazının azərbaycancası #SteemitAzerbaijan topluluğunda da paylaşılacaq.

Necə STEEM qazanmaq

STEEM qazanmağın bir neçə yolu var:

  • Kontent, məzmun hazırlamaqla
  • Maraqlı və dəyərli yazılar yazmaqla, paylaşımlar etməklə, məzmunlar hazırlamaqla zamanla bir kontent yaradıcısı kimi çox böyük məbləğlərdə STEEM-lər qazana bilərsiniz

  • Freelancer işləməklə
  • Steemit üzərində olan müxtəlif topluluqlara qaynayıb-qarışmaqla, öz bacarıqlarınızı təqdim etməklə siz müxtəlif topluluqlar üçün həm ödənişli işlər görə bilər, həm də sahibi olduğunuz məhsulları sata bilərsiniz

  • Steemit üzərində Yarışmalarda iştirak etməklə
  • @Steemblog və digər topluluqlar müntəzəm olaraq Steemit üzərində yarışlar təşkil edirlər, hansı ki hər bir Steemit istifadəçisi bu yarışmalarda iştirak edə bilər. Əgər siz bu yarışmalarda qalib gəlsəniz, böyük Steemit balinalarının və kuratorlarının dəstəyini alacaqsınız

  • Sahibi olduğunuz SP-lərinizi borc verməklə
  • Daha çox SP-yə sahib olmağın yollarından biri birbaşa SP almaqdır. Siz müxtəlif birjalar üzərindən STEEM kriptovalyutasını əldə edə və onu asanlıqla SP-yə çevirə bilərsiniz. Bu şəkildə SP-niz artdıqdan sonra, siz başqalarına daha böyük dəyərdə səs verə və çox da yaxşı gəlir qazana bilərsiniz. Aşağıda linkləri yerləşdirilən birjalardan siz rahatlıqla STEEM ala bilərsiniz:
    Polinex
    Binance
    Bittrex
    Huobi

Steemit'də necə Post paylaşmaq

  1. Steemit üzərində post paylaşmaq çox asandır, sadəcə sağ-üst küncdəki qələm iconuna basın və post hazırlamağa başlayın. Steemit postlarını professional bir şəkildə hazırlamaq üçün @cmp2020 tərəfindən hazırlanan aşağıdakı məqaləyə baxa bilərsiniz. Məqalənin azərbaycanca variantı #SteemitAzerbaijan topluluğunda sizlərə özəl şəkildə paylaşılacaq: A Beginner's Guide to Formatting on the Steem Blockchain (in Markdown/HTML)

  2. Yuxarıda da haqqında danışdığımız 50% SBD / 50% SP məntiqi nədir? Müəllif olaraq siz postu paylaşmamışdan əvvəl aşağıda rəsmdə göstərildiyi kimi 50% SBD / 50% SP-ni seçsəniz, o halda postlardan sizə qalan mükafatın yarısı SP şəklində gələcək və balansınızı gücləndirəcək, yarısı da SBD şəklində sizə nağd vəsait kimi qalacaq. Əgər Power Up 100% etsəniz, postun bütün mükafatı SP şəklində balansınıza köçəcək və onu gücləndirəcək. Daha ətraflə məlumatı bu ingiliscə qaynaqdan da öyrənə bilərsiniz, hansı ki azərbaycancası #SteemitAzerbaijan topluluğunda paylaşılacaq: Should I use 100% Steem Power or 50%/50% Payouts for my Post

author rewards.png
Link to photo

Bütün mükafatlar postunuz dərc edildikdən 7 gün sonra balansınıza oturacaq. Postun aşağısında, dollar dəyərinin yanındakı üçbucaq işarəsinə basaraq postunuzun potensiyal mükafat dəyərinə və mükafatın balansınıza oturmağına nə qədər müddət qaldığına baxa bilərsiniz. Aşağıdakı kimi:

rewards date.png

Postunuza taq'ları necə yerləşdirmək

Steemitdə postu hazırladıqdan sonra sonda postunuzun məzmununa uyğun 5 ədəd taq yerləşdirə bilərsiniz. Taqlar tamamilə postunuzun məzmununa uyğun olmalıdır, əks halda postunuz böyük balinalar tərəfindən downvote(mənfi səs) alacaq, hansı ki bu halda istər sizin plaforma üzərindəki reputasiyanız, istərsə də qazanacağınız məbləğ bu downvote-yə görə böyük ölçüdə azalmağa doğru gedəcək.

Bu postdan taqları necə istifadə etməklə bağlı daha ətraflı məlumat ala bilərsiniz: How to put TAGs on your Steemit Post

Bundan əlavə, taq ideyası almaq üçün trenddə olan postlara baxa bilər, həmçinin özünüz də yeni taqlar istifadə etməyə başlaya bilərsiniz. Yetər ki, məzmuna uyğun olsun! :)

Nə qədər post paylaşa bilərsiniz

Siz Steemitdə kiməsə səs verən zaman, əslində bir kriptovalyuta transferi etmiş olursunuz. Balansınızda nə qədər çox resurs kreditləriniz-SP'niz varsa, o qədər çox transfer edə bilirsiniz.Məsləhət görülür ki, Steemitdə normal fəaliyyətinizi davam etdirməkdən ötrü balansınızda ən azı 20SP tutasınız. Bu da təxminən günə 2 post və bir neçə rəy yazmaq, səs vermək imkanı deməkdir. Hesabınızın cari statusuna nəzarət etməkdən ötrü sizə bu pulsuz aləti məsləhət görürük: Steemworld(by @steemchiller)

Steemit platforması yeni qoşulan üzvlərə post paylaşmaqdan ötürü 15 ədəd SP-ni kredit olaraq təqdim edir. Bu sizə gündəlik 2 post yazmaq və bir neçə səs vermək, rəy yazmaq imkanı verir. Nə zaman sizin balansınızda şəxsi, özünüzə məxsus 15 ədəd SP yığılacaq, o zaman Steem sizə platformaya gələrkən verdiyi 15SP-ni geri alacaq.

Necə daha çox Steem Power(SP) əldə etmək olar

Steemit'in açarı Steem Power-dir. Yuxarıda da qeyd etdiyimiz kimi, nə qədər çox SP-niz varsa, bir o qədər çox platformada təsiriniz var, bir qədər çox sözünüz keçir. Ona görə də məsləhət görürük ki, balansınızda olan SP-ləri artırasınız.

  • İlk öncə, qeyd edək ki, balansınızda sadəcə bir valyuta kimi STEEM saxlamaq sizə Steemit platforması üzərində heç bir şey qazandırmayacaq, siz sadəcə bu STEEM ilə alış-satış edə bilərsiniz, və ya birjalara ata bilərsiniz. Bunun yerinə çalışın ki, əlinizdə olan STEEM-ləri POWER UP edəsiniz, yəni SP-yə çevirəsiniz ki, hesabınız güclənsin. Həm də siz yeni SP aldıqca, yəni əlinizdə olan STEEM-lə SP aldıqca, sistem tərəfindən avtomatik olaraq yeni STEEM-lər yaradılır və balansında SP saxlayan digər istifadəçilər paylanılır.

  • İkinci olaraq, SP qazanmağın yolu, başqa insanların postlarına səs verməkdir. Xatırlayırsınızsa, öncəki paraqraflarda biz kurasiya mükafatlarından, yəni hər hansısa bir posta səs verən hesablara paylanan mükafatlardan bəhs etmişdik. Steemit üzərində paylaşılan postlarda post gəlirlərinin 50%-i postu paylaşan müəllifə, 50%-i isə həmin posta səs verən digər insanlara, yəni curator-lara paylanır. Bəs yaxşı posta səs verənlərə paylanan həmin 50% kurasiya mükafatı necə paylanır? Məsələ yenə də daha çox SP gücünə sahib olmağa gəlib çıxır. Steemit üzərində nə qədər çox SP-niz olsa, bir o qədər çox səs gücünüz və eyni zamanda bir o qədər çox da kurasiya mükafatınız olur.

    Daha çox SP = daha güclü hesab.

    Örnək üzərindən getsək, deyəlim ki, siz Steemit üzərində bir post gördünüz, postun kənarına 20$ dəyər yazılıb və 2 nəfər posta səs verib. Həmin o 20$-ın 50%-i, yəni 10$-ı post paylaşan sadəcə bir adama çatacaq, burası dəqiqdir. Qalan 50%, yəni 10$ isə posta səs verən iki nəfər arasında bölüşdürüləcək. Necə bölüşdürüləcək? Deyəlim ki, səs verənlərdən Kamranın balansında 1000SP var, səs gücü 1$-dır və bu posta 1$-lıq da səs verib. Rəvanın balansında isə 19 min ədəd SP var və bu posta 19$-lıq səs verib. Nəticə olaraq, Rəvana daha çox kurasiya mükafatı, səs verən mükafatı düşəcək.

  • Üçüncü olaraq, SP qazanmağın, hesabınızı gücləndirməyin bir digər yolu Steemit üzərində keçirilən yarışmalarda iştirak etməkdir. Misal, hər ay #spud4steem adlanan yarışma keçirilir ki, bu yarışmada qalib olub, xeyli sayda SP-lər qazana bilərsiniz. Yarışmalar haqqında daha ətraflı, müntəzəm məlumat almaq üçün @kiwiscanfly adlı istifadəçini izləmədə saxlayın.

  • Son olaraq, əlinizdə olan, Steemit-də siz platformadan qazandığınız STEEM kriptovalyutalarınızı rahatlıqla SP-yə çevirib hesabınızı, səs həcminizi gücləndirə bilərsiniz. STEEM kriptvalyutasını SP-yə çevirmək-POWER UP etmək də çox sadədir, burada dəyişmə nisbəti 1:1-dir. Yəni, 1 STEEM = 1 Steem Power(SP). Əməliyyat ani moment həyata keçirilir, 1 STEEM verib, 1 SP alırsınız.

    Bundan əlavə, yuxarıdakının əksinə, siz həmçinin balansınızda olan SP-lərinizi STEEM kriptovalyutasına çevirə bilərsiniz. Lakin burada əməliyyat ani moment baş verməyək. STEEM-lərinizi 4 həftə içində tam olaraq əldə edə biləcəksiniz.

Qoşula biləcəyiniz önəmli topluluqlar

Siz BURADAN Steemit üzərində olan bütün topluluqlarla tanış ola və əgər bəyənsəniz, həmin topluluqlara abunə ola bilərsiniz.

Faydalı alətlər

  • https://steemworld.org saytı hesabınızla və Steem blokçeyni üzərindəki transferlər haqqında hər şeyi ətraflı öyrənəcəyiniz bir websaytdır. Sadəcə linkin sonuna öz istifadəçi adınızı(/@istifadəçiadı) yazırsınız və hazırdır.

  • Məsləhət görülür ki, sizin olmayan, müəllifi olmadığınız şəkli öz postunuza link vermədən daxil etməyəsiniz. Əgər siz müəllifi olmadığınız bir şəkili postunuza daxil etmək istəsəniz, post hazırlayarkən mütləq həmin şəkilin linkini aşağıdakı qaydada paylaşımınıza daxil etməlisiniz:

    kod link foto.png

    Bu da görüntü:

    link foto.png

    Qeyd edilən məsələlər müəlliflik hüquqları-copyrights baxımından çox-çox önəmlidir. Əksini etsəniz, postunuz böyük balinalar tərəfindən downvote alacaq və hesabınız, reputasiyanız, gəlirləriniz düşəcək, ən əsası platformadakı imiciniz düşəcək.

    Bu saytlar isə pulsuz şəkil tapa biləcəyiniz saytlardır, hansı ki bu saytlardan götürdüyünüz şəkillərin müəlliflik hüququ yoxdur və şəkilləri müəllifə link vermədən də istifadə edə bilərsiniz: https://pixabay.com, https://pexels.com, https://unsplash.com

  • Digər çox vacib alətlərdən biri də ingiliscə paylaşım edənlər üçündür. Belə ki, qrammatik baxımdan düzgün, səlis mətnlər hazırlamaq üçün postlarınızı paylaşmadan öncə Grammarly adlanan saytda yoxlanışdan keçirin. Həqiqətən, mükəmməl bir alətdir. Həm də ödənişsizdir! :) Hətta saytın Chrome Uzantısı belə var, hansı ki bu sayədə yazdığınız hər şeyin qrammatik düzgünlüyünə əmin olacaqsınız. Bu da uzantının linki: Chrome Extension Grammatly

  • Son olaraq, Steemit platforması Steem Blokçeyni üzərindəki xeyli sayda platformadan sadəcə biridir. Steem Blokçeyni üzərindəki platformalar haqqında ətraflı məlumatı Dappradar saytından əldə edə bilərsiniz. Bir müjdə də verim ki, Steemit'in sizə verdiyi hesab şifrələriniz vasitəsiylə həmin platformalara rahatlıqla daxil ola bilər, onları da kəşf edə bilərsiniz.

Discord Serverləri

Yəqin ki, Discord platformasını çoxlarınız eşitmisiniz. Steemit-in də discord serverləri sayəsində siz Steemit platformasını daha yaxşı öyrənə və yeniliklərdən xəbərdar olar bilərsiniz. Bu da linkləri:

Hər birinizə çox təşəkkür edirəm və bolluca STEEM qazanmağı arzu edirəm!

Əgər sizə qaranlıq qalan hər hansısa məqam oldusa, xahiş edirəm, rəy bölməsinə qeyd edəsiniz.

Məqsədimiz Steemit Platforması üzərində Azərbaycan topluluğunu, #SteemitAzerbaijan'ı bu platforma üzərindəki ən böyük topluluqlardan biri etmək və biri-birimizə dəstək olaraq ucalmaqdır!

Bu postu paylaşaraq daha çox insanın bu platformanı tanımasına, öyənməsinə kömək edə bilərsiniz. Beləcə topluluğumuz daha da böyüyəcək!

Steemit səyahətinizdə hər bizinizə bolca uğur və əzmkarlıq diləyirik!

Hörmətlə,

Steemit Azerbaijan Community

Sort:  

This post was resteemed by @steemvote and received a 2.08% Upvote. Send 0.5 SBD or STEEM to @steemvote

ALLAH əziyyətini itirmesin Qardaş əla!

 4 years ago 

Çox sağ ol, var ol, Qardaş. Belə bir yazımız olmalı idi. Hər dəfə yazanda nəsə çatmırdı. İndi bunu yol xəritəsi edib xırda detallar haqda da yazılar yazacam.

 4 years ago 

Kamran həqiqətəndə əladır deməklə bitməz deyərdim mükəmməlin mükəmməli. Əllərinə sağlıq. İndiyə qədər bu kimi çox məqalələri oxumuşam anlamağa çalışmışam işin sirrini. Sən hər tərəfini öz məqaləndə açıqlamısan. Bu postun qiyməti azı 1000$ dı. Təəsüf ki, əvvəl başladığımız bu işləri yarımçıq qoyub dağılışdıq. Bu gün sən bundan sonra gələcək maraqlı olan hər kəsə bir məqalə ilə hər şeyi anlatdın. Var olasan.

 4 years ago 

Gözəl fikirlərin üçün, həqiqətən, sənə çox təşəkkür edirəm, Famil. Var olasan. Bacardığım qədər çalışdım ki, qaranlıq məqamlar qalmasın. Birini də platformaya gətirəndə postlara baxır, baxır, izah etmək də olmur ki, nə nədir. Lazım idi belə yazı, özüm də bezmişdim sözdə izahdan.

 4 years ago 

super bir açixlam

 4 years ago 

Çox təşəkkür edirəm, Yusif. Faydası toxundusa, nə xoş! :)

 4 years ago 

Kamran, yazı üçün çox təşəkkür edirəm, var olasan. Hər bir istifadəçimiz üçün faydalı olacaq bu yazın. Bir daha təşəkkürlər, əziyyət çəkmisən.

 4 years ago 

Çox sağ ol, Rəvan. Belə bir post onsuzda hazırlanmalı idi. Nəyi izah edirdimsə, nə post yazırdımsa, görürdüm yox e, yenə təzə biri soruşacaq ki, qaqa, bu 1500 dolların hamısı mənə qalır. Görürsən ki, izah etməsən, alınmır. Həm də topluluq bizlərindir, nəyisə biz etməliyik. Şəxsən özüm də burdan çox şey öyrəndim yaza-yaza. Var olasan dəstəyin üçün.

 4 years ago 

Çox sağ ol, Nahid. Bu arada Steemit-ə xoş gəlmisən! :)

Birnəfəsə oxudum. Postun dili superdi)

 4 years ago 

Var olasız, Nurəngiz xanım. Bacardığım qədər sadə etməyə və ətraflı məlumat verməyə çalışdım.

A true explanation means, I know more how to make a good and correct essay.

çox mehribansan və həm də mükəmməlsən, qarşılıqlı böyümə üçün sonsuz işləyirsən, səndən çox uzaqda yaşayıram.

Təşəkkürlər məlumat üçün.Bəs bu platformanın app versiyası mövcuddurmu?