Mərhəmət, bir də təbəssüm.
Bir insan qəlbi nə qədər hiss daşıya bilər? Sevgi, nifrət, hüzün, iztirab, qüssə, həyəcan, sevinc və daha nələr. Sokrat deyirdi ki, insan istədiyini əldə edə bilməyəndə acı çəkir. İstəmədiyini əldə edəndə də acı çəkir. Və insan istədiyini əldə etdikdə də acı çəkir. Çünki əldə etdiklərini itirmək qorxusu bir an belə onu tərk etmir. İnsan beyni bu. Dəyişə bilməzsən. Həyatımızı hərdən qatar vağzalına bənzədirəm. Bir insan həyatı boyunca minlərlə adamlarla qarşılaşır. O minlərlə insan ağlımızda, şüurumuzda dərin və dayaz izlər buraxır. Bəziləri beynimizin bir küncündə ilişib qalır. Ha istəsək onu oradan söküb ata bilmirik. Zamanla çox dəyərli olmuşdu bizim üçün. Xatirəsi həm acıdı, həm şirin. İki hiss insanı heç vaxt tərk etmir. Mütəəssirlik və peşmançılıq. Əslində bizi ən çox incidənlər ən çox sevdiklərimiz idi. Arxalanıb güvəndiklərimiz. Şah damarımız qədər yaxın buraxdıqlarımız. Nə olur olsun, bir zamanlar çox yaxın olub, bir birlərinin hər şeyini bilən insanların ayrılıb yadlar kimi davranması kimi acı verən ikinci bir şey yoxdu. Hələ də həssas biri olsan. Qəlbin qalır, fikrin zikrin qalır.Amma həyat bu. Gedişlərdən, itkilərdən ibarət. Mən qəlbimi nifrətlə, kinlə deyil, sevgi ilə, şəfqətlə doldurmaqdan yanayam. Hər nə olur olsun. Demişdim, dünyanı mərhəmət və anlayış xilas edəcək. Bir də təbəssüm.